İSTİFADƏ QAYDALARI
ÖDƏNİŞ XİDMƏTİNƏ DAİR MÜQAVİLƏ
Bu Müqavilə Sizinlə “Cüzdan” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Təşkilat) arasında hüquqi qüvvəyə malik razılaşmadır və Təşkilat tərəfindən təqdim edilən ödəniş xidmətlərindən və Cüzdandan istifadənizi tənzimləyir.
Zəhmət olmasa, bu Müqaviləni tam və diqqətlə oxuyun. Cüzdana daxil olmaqla, qeydiyyatdan keçməklə və ya hər hansı bir Xidmətdən istifadə etməklə, Siz bu Müqavilənin şərtlərini qəbul etdiyinizi və onlara riayət etməyi öhdənizə götürdüyünüzü təsdiqləmiş olursunuz.
Əgər bu şərtlərlə razı deyilsinizsə, Cüzdandan istifadə etməməli və hər hansı Xidmətə daxil olmamalısınız.
1. GİRİŞ
1.1. Biz kimik?
“Cüzdan” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Təşkilat və ya Biz) Cüzdan üzərindən ödəniş xidmətlərini təqdim edən, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatıdır.
1.2. Təşkilatın məlumatları:
· Adı: “CÜZDAN” Məhdud Məsuliyyətli Cəmiyyəti
· Qeydiyyat nömrəsi (VÖEN): 1300615891
· Lisenziya: 25 sentyabr 2024-cü il tarixli, № EPT-014 saylı elektron pul təşkilatı lisenziyası
· Lisenziya verən və nəzarət qurumunun adı: Azərbaycan Respublikasının Mərkəzi Bankı
· Hüquqi ünvanı: General Akim Abbasov küçəsi 73E, Yasamal rayonu, Bakı, Azərbaycan Respublikası
· Əlaqə vasitələri:
- Telefon: +994 311 15 46
- E-poçt: [email protected]
- Veb-sayt: https://www. cuzdan.az
1.3. Bu Müqavilə nəyi tənzimləyir, nə vaxt qüvvəyə minir və nə vaxt qüvvədən düşür?
1.3.1. Bu Müqavilə Təşkilat və Sizin aranızda olan qarşılıqlı öhdəlikləri, Xidmətlərdən istifadə şərtlərini və məsuliyyət hədlərini tənzimləyir.
1.3.2. Bu Müqavilə Sizin Cüzdanda qeydiyyatdan keçdiyiniz andan etibarən qüvvəyə minir və ləğv edilənədək müddətsiz olaraq qüvvədə qalır.
1.3.3. Cüzdanda qeydiyyatdan keçdiyiniz təqdirdə bu Müqavilənin, Məxfilik Siyasətinin və Cüzdanda yerləşdirilən istifadə təlimatlarının, tariflərin və digər əlavələrin bütün şərtlərini qeyd-şərtsiz qəbul və təsdiq etmiş sayılırsınız.
1.3.4. Bu Müqavilə ilə razı olmadığınız halda Cüzdana daxil olmamaq və Xidmətlərdən istifadə etməməyiniz tələb olunur. Əks halda, bu Müqaviləyə əməl edilməsiylə bağlı bütün məsuliyyəti tam şəkildə öz üzərinizə götürmüş sayılırsınız.
1.3.5. Siz, 1 (bir) ay əvvəlcədən Təşkilata bildiriş verməklə xidmət haqqı ödəmədən (tətbiq edildikdə, elektron pulun qalıq dəyərinin geri ödənilməsi üzrə xidmət haqqı istisna olmaqla) müqaviləni birtərəfli ləğv edə bilərsiniz.
1.3.6. Müqavilə ləğv edilənədək, Siz istifadə etdiyiniz ödəniş xidmətlərinə görə xidmət haqlarını ödəməlisiniz.
1.3.7. Biz, Sizi 30 (otuz) gün əvvəl məlumatlandıraraq Müqaviləni hər hansı səbəb göstərmədən birtərəfli qaydada ləğv edə bilərik.
1.4. Müqaviləyə dəyişikliklər və əlavələr edilə bilərmi?
1.4.1. Biz bu Müqaviləni birtərəfli qaydada dəyişə və ya Müqaviləyə əlavələr edə bilərik. Müqavilədə edilən hər hansı dəyişikliklər qüvvəyə minmədən ən azı 30 (otuz) təqvim günü əvvəl Sizə elektron vasitələrlə, o cümlədən Cüzdanda dərc edilməklə və ya Cüzdan üzərindən bildiriş göndərilməklə xəbər verilir. Siz, Müqavilənin dəyişdirilməsi barədə məlumat verildikdən sonra yeni şərtlərlə razı olmadığınız təqdirdə, bu barədə Bizə yazılı və ya elektron formada məlumatlandırmaqla Müqavilə münasibətlərini dayandıra bilərsiniz.
1.4.2. Bu Müqavilənin dəyişikliklərini bildiriş müddəti ərzində rədd etmədiyiniz və ya Cüzdandan istifadəni davam etdirdiyiniz halda, dəyişikliklərə razı olduğunuzu təsdiqləmiş sayılırsınız.
1.4.3. Bu Müqavilədə istinad olunmuş valyuta mübadiləsi məzənnəsində edilən dəyişikliklər bu Müqavilənin 1.4.1-ci bəndi ilə müəyyən olunmuş xəbərdarlıq müddəti tətbiq edilmədən qüvvəyə minir.
1.4.4. Sizin üçün daha əlverişli faizlər və ya daha əlverişli şərt dəyişiklikləri nəzərdə tutulduqda, Biz həmin dəyişiklikləri bu Müqavilənin 1.4.1-ci bəndi ilə müəyyən olunmuş xəbərdarlıq müddəti gözləmədən tətbiq edə bilərik.
1.4.5. Müqavilə ləğv olunduğu halda Ödəniş hesabınız bağlanır. Ödəniş hesabı bağlandıqda, balansınızdakı elektron pul bu Müqavilənin “Elektron pulun qalıq dəyərinin geri qaytarılması” bölməsinə uyğun olaraq geri ödənilir.
2. ƏSAS ANLAYIŞLAR
Bu Müqavilədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir. Əgər hər hansı anlayış bu bölmədə izah edilməyibsə, onun mənası Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununda və həmin qanun əsasında qəbul edilən normativ-hüquqi aktlarda müəyyən edilən məna ilə qəbul edilir.:
2.1. “Cüzdan” – Təşkilat tərəfindən idarə olunan və mobil cihazlara quraşdırılan rəqəmsal ödəniş platforması.
2.2. “Elektron pul” - qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti.
2.3. “Gücləndirilmiş müştəri autentifikasiyası (GMA)” – autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız istifadəçinin bildiyi, istifadəçiyə məxsus olan və istifadəçinin sahib olduğu elementlərdən iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya
2.4. “Ödəniş hesabı” - ödəniş əməliyyatlarının aparılması üçün bir və ya bir neçə ödəniş xidməti istifadəçisinə açılan hesab;
2.5. “İstifadəçi və ya Siz” – Cüzdana daxil olan, qeydiyyatdan keçən və/və ya Təşkilatın təqdim etdiyi xidmətlərdən istifadə edən fiziki şəxs (hüquqi şəxs yaratmadan fərdi sahibkarlar istisna olmaqla).
2.6. “Xidmətlər” – Təchizatçı tərəfindən təqdim olunan və bu Müqavilənin 3-cü bölməsində ətraflı təsvir edilən ödəniş xidmətləri və texniki həllər.
3. ÖDƏNİŞ XİDMƏTİNDƏN İSTİFADƏ
3.1. Təşkilat hansı xidmətləri göstərə bilər?
Təşkilat, Mərkəzi Bank tərəfindən verilmiş lisenziyaya uyğun olaraq aşağıdakı ödəniş xidmətlərini (bundan sonra – Xidmətlər) göstərə bilər:
- kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
- ödəniş əməliyyatının ekvayrinqi;
- elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası.
3.2. Qeydiyyat
3.2.1. Xidmətlərdən istifadə etmək üçün Siz Cüzdanda qeydiyyatdan keçməlisiniz. Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatlar tam, dəqiq və aktual olmalı və Təşkilatın tələbi ilə təsdiqedici sənədlərlə dəstəklənməlidir.
3.2.2. Qeydiyyat aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
3.2.2.1.Tətbiq edildikd, ad, soyad, şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə, e-poçt ünvanı daxil edilir;
3.2.2.2.Birdəfəlik SMS kodu (OTP) ilə mobil nömrə təsdiq edilir;
3.2.2.3.Tətbiq olunduqda, təsdiq linki üzərindən e-poçt ünvanın aktivləşdirilməsi;
3.2.2.4.Güclü şifrə seçilməli və Cüzdanda qeyd olunan texniki təhlükəsizlik standartlarına cavab verməlidir.
3.2.3. Qeydiyyat uğurla başa çatdıqdan sonra Sizə müştəri nömrəsi təyin olunur və unikal identifikasiya nömrəsinə malik Ödəniş hesabı açılır.
3.3. Ödəniş hesabı
3.3.1. Ödəniş hesabı ilkin mərhələdə eyniləşdirilmədən açılır. Bu halda qanunvericiliyə uyğun aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
3.3.1.1. Aylıq ödəniş əməliyyatının həcmi 300 AZN ekvivalentini keçməməlidir;
3.3.1.2. Hesab qalığı 300 AZN ekvivalentini keçməməlidir;
3.3.1.3. Pul köçürməsinin aparılması və pul vəsaitinin nağd qaydada məxarici üçün istifadə oluna bilməz.
3.3.2. Bu məhdudiyyətlərin aradan qalxması və limitsiz istifadə üçün eyniləşdirmə proseduru tələb olunur.
3.3.3. Yuxarıda qeyd olunan limitlərdən artıq məbləğdə əməliyyatları həyata keçirmək, o cümlədən Cüzdandan məhdudiyyətsiz istifadə edə bilmək üçün qanunvericilik və Təşkilatın daxili qaydalarına uyğun olaraq eyniləşdirmə prosedura həyata keçirilməlidir.
3.3.4. Eyniləşdirmə aşağıdakı qaydada həyata keçirilir:
3.3.4.1. Cüzdanda “Eyniləşdirmə” bölməsinə daxil olmaq;
3.3.4.2. Elektron anketi doldurmaq;
3.3.4.3. Şəxsiyyət vəsiqəsinin foto və ya skan versiyasını təqdim etmək;
3.3.4.4. Video eyniləşdirmə – Təşkilat əməkdaşı ilə canlı video zəng vasitəsilə şəxsiyyətin təsdiqi;
3.3.5. Eyniləşdirmə yalnız qanuni tələblərə uyğun olaraq başa çatdıqdan sonra Ödəniş hesabı tam aktivləşdirilir.
3.3.6. Eyniləşdirilmə zamanı əməkdaşımızın qanuni göstərişlərinə əməl etməsəniz eyniləşdirməyə dair imtina verilir.
3.3.7. Təşkilat qeydiyyat və eyniləşdirmə zamanı təqdim olunan məlumatların düzgünlüyünü və etibarlılığını yoxlamaq məqsədilə əlavə sənədlər tələb edə, o cümlədən qeydiyyatı və ya eyniləşdirməni müvəqqəti olaraq dayandıra bilər.
3.3.8. Ödəniş hesabının yaradılması Təşkilat tərəfindən təsdiqləndikdən sonra, İstifadəçi Cüzdana fərdi giriş vasitələri (istifadəçi adı, şifrə, OTP və ya digər autentifikasiya üsulları) ilə daxil olur.
3.3.9. Təşkilat istənilən vaxt, qanunvericilikdən irəli gələn tələblər və ya şübhəli fəaliyyətin aşkar olunması halında, İstifadəçi Ödəniş hesabının fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdıra və ya Ödəniş hesabını bağlaya bilər.
3.4. Ödəniş sərəncamı verilməsi və geri götürülməsi
3.4.1. Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, hər bir ödəniş əməliyyatı ödəniş sərəncamına əsasən icra olunur..
3.4.2. Cüzdan üzərindən düzgün təqdim edilmiş hər bir ödəniş sərəncamı avtorizə edilmiş hesab edilir və dərhal Təşkilat tərəfindən icraya qəbul oluna bilər.
3.4.3.Ödəniş sərəncamı, ödəniş sisteminin daxili qaydaları ilə müəyyən edilən andan etibarən gerigötürülməz hesab olunur.
3.4.4.Aşağıdakı hallar istisna olmaqla, təqdim etdiyiniz ödəniş sərəncamını geri götürmək mümkün deyil:
3.4.4.1. Dövri ödənişlər üçün verilmiş ödəniş sərəncamlarında:
3.4.4.1.1. yalnız növbəti əməliyyat, və ya
3.4.4.1.2. bütün gələcək əməliyyatlar Sizin seçiminzə uyğun olaraq ləğv edilə bilər.
3.4.4.2. Digər istisnalar:
3.4.4.2.1. Əgər ödəniş əməliyyatı vasitəçi tərəfindən (məsələn, kart şirkəti) başlandıqdan sonra icazə verilibsə, geri götürmək mümkün deyil.
3.4.4.2.2. Birbaşa debitləşmə hallarında, yalnız ödəniş tarixinə əvvəlki iş gününədək ödəniş sərəncamınə geri götürmək olar.
3.4.4.2.3. Əgər vəsait alıcıya çatmayıbsa və tərəflər arasında bu barədə müqavilə mövcuddursa, geri götürmə mümkündür.
3.4.5.Təşkilat, ödəniş sərəncamının geri götürülməsi üçün xidmət haqqı tətbiq edə bilər. Bu barədə məlumat Cüzdanın Tariflər bölməsində əks olunur.
3.4.6. Ödəniş sərəncamı iş günü ərzində təqdim olunarsa, eyni gün icraya qəbul edilir. Əgər təqdimat əməliyyat günündən sonra baş tutarsa, ödəniş sərəncamı növbəti iş günü icraya qəbul edilmiş sayılır.
3.4.7. İcraya qəbul edilmiş ödəniş sərəncamı, Təşkilat tərəfindən növbəti iş günündən gec olmayaraq icra edilir. Əgər Tərəflər arasında başqa icra tarixi razılaşdırılıbsa, ödəniş həmin tarixdə həyata keçiriləcəkdir.
3.4.8. Vəsait alanın xeyrinə daxil olan pul vəsaiti, həmin gün ərzində alıcının hesabına mədaxil edilir. Əgər vəsait fərqli valyutadadırsa, mədaxil müddəti ayrıca müqavilə ilə tənzimlənə bilər.
3.5. Ödəniş əməliyyatlarının kredit köçürməsi əsasında aparılması
3.5.1. Kredit köçürməsi ilə ödəniş əməliyyatının aparılması zamanı Təşkilat tərəfindən buna dair müvafiq imkan yaradıldığı halda ödəniş əməliyyatı ödəniş sərəncamında qeyd olunan tarixdə həyata keçirilir.
3.5.2. Cüzdanda tətbiq olunduğu halda Təşkilat kredit köçürməsi əsasında vəsait alanın xeyrinə ödənişləri dövri olaraq həyata keçirə bilər. Bu halda kredit köçürməsində aşağıdakı məlumatlar qeyd olunur:
3.5.2.1. ödənişin həyata keçirilməsi tarixi;
3.5.2.2. dövri ödənişlərin başa çatdığı tarix.
3.6. Ödəniş əməliyyatlarının birbaşa debitləşmə əsasında aparılması
3.6.1. Birbaşa debitləşmə Sizin verdiyiniz icazə əsasında, hər ödənişi ayrıca təsdiqləməyinizə ehtiyac olmadan razılaşdırılmış tarixlərdə razılaşdırılmış məbləğin Ödəniş hesabınızdan avtomatik çıxılmasıdır.
3.6.2. Birbaşa debitləşmə əsasında ödəniş aparılması üçün Siz əvvəlcədən Təşkilata razılıq təqdim etməlisiniz. Bu razılıq aşağıdakı yollarla verilə bilər:
3.6.2.1. Cüzdan üzərindən elektron təsdiqlə;
3.6.2.2. və ya Tərəflər arasında ayrıca razılaşdırılmış digər üsulla (məsələn, yazılı sənədlə).
3.6.3. Razılıqda aşağıdakılar açıq şəkildə göstərilməlidir:
3.6.3.1. Vəsait alanın adı və identifikasiya məlumatları (fiziki və ya hüquqi şəxs);
3.6.3.2. Ödənişin birdəfəlik və ya dövri olması;
3.6.3.3. Maksimal məbləğ limiti (əgər müəyyən edilibsə);
3.6.3.4. Ödənişin planlaşdırılan tarixi və dövriliyi (aylıq, həftəlik və s.).
3.6.4. Siz verilmiş razılığı, ödənişin ödəniş hesabından silinəcəyi tarixdən ən geci əvvəlki iş gününün sonunadək geri çəkə bilərsiniz. Bundan sonra razılığın qüvvədən düşməsi texniki və hüquqi cəhətdən mümkün deyil.
3.6.5. Əgər ödəniş hesabınızda kifayət qədər elektron pul yoxdursa və ya hesab kreditləşdirilməyibsə, birbaşa debitləşmə icra olunmur. Bu barədə Sizə Cüzdan və ya digər vasitələrlə məlumat verilir.
3.6.6. Həyata keçirilmiş birbaşa debitləşmə əməliyyatları və onların təsdiqləri Cüzdan şəxsi kabinetinizdə əlçatan olacaq.
3.7. Ödəniş sərəncamının düzgün verilməsi və ya icra edilməsi üçün tələb olunan məlumatlar
3.7.1. Ödəniş sərəncamının düzgün verilməsi və ya icra edilməsi üçün aşağıdakı məlumatların təqdim edilməsi tələb edilir:
3.7.1.1. Ödənişin məbləği və, tətbiq olunduqda, valyutası;
3.7.1.2. Tətbiq olunduqda alıcının adı;
3.7.1.3. Alıcının tətbiq olunan unikal eyniləşdiricisi (məsələn, IBAN nömrəsi, telefon nömrəsi, istifadəçi ID-si və ya digər unikal identifikator);
3.7.1.4. Zəruri olduqda – ödənişin təyinatı və ya təfsilatı;
3.7.1.5. Tələb olunan hər hansı əlavə təsdiqləmə (məsələn, birdəfəlik SMS kodu və ya mobil imza ilə təsdiqləmə).
4. ELEKTRON PUL
4.1. Elektron pulun emissiyası
4.1.1. Elektron pul nağd pulun elektron alternatividir. Siz və ya digər şəxs tərəfindən Ödəniş hesabınıza əlavə edilməsi üçün Bizə pul ödənilən zaman, Biz dərhal həmin məbləğə mütənasib həcmdə milli valyutada elektron pul emissiya edərək Ödəniş hesabınıza köçürəcəyik.
4.1.2. Elektron pul “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmanət hesab edilmir, sığortalanmır və elektron pula faiz və ya digər formada gəlir ödənilmir.
4.2. Elektron puldan istifadə
4.2.1. Ödəniş hesabınıza elektron pul əlavə edildikdən sonra hesabınızın eyniləşdirilməsindən asılı olaraq elektron puldan istifadə etməklə aşağıdakı əməliyyatları icra edə bilərsiniz:
a) Cüzdana qoşulan Təşkilatın tərəfdaşlarına onların təqdim etdiyi malların və xidmətlərin dəyərinin ödənilməsi;
b) Rüsumların ödənilməsi;
c) Cüzdanda qeydiyyatdan keçmiş digər şəxslərə elektron pulun köçürülməsi.
4.3. Elektron pulun istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatların elektron pul sahibinə təqdim edilməsi
4.3.1. Ödəniş hesabında həyata keçirilmiş əməliyyatlar və qalıq dəyəri barədə məlumatlar Cüzdan vasitəsiylə Sizə təqdim edilir.
4.3.2. Siz bu məlumatlara Cüzdandakı şəxsi kabinet vasitəsilə 24/7 əsasda real vaxt rejimində çıxış əldə edə bilərsiniz.
4.3.3. Əgər Siz məlumatların alternativ yolla (kağız daşıyıcı və s.) təqdim olunmasını istəsəniz, bu halda Təşkilat Tariflər bölməsində göstərilmiş məbləğdə xidmət haqqı tətbiq edə bilər.
4.4. Elektron pulun qalıq dəyərinin geri qaytarılması
4.4.1. Siz, bu Müqaviləyə uyğun olaraq, öz Ödəniş hesabınızda saxlanılan elektron pulun tam və ya qismən qalıq dəyərinin geri qaytarılmasını tələb edə bilərsiniz.
4.4.2. Geri qaytarma sorğusu Cüzdan üzərindən və ya Təşkilatın müəyyən etdiyi digər elektron vasitələrlə təqdim olunur. Təşkilat bu sorğunu aldıqdan sonra dərhal müvafiq məbləği geri qaytarır.
4.4.3. Elektron pulun geri qaytarılması aşağıdakı hallarda xidmət haqqı tətbiq edilə bilər:
4.4.3.1. Geri qaytarma Cüzdanın Tariflər bölməsində nəzərdə tutulmuş müddətdən əvvəl tələb olunduqda;
4.4.3.2. Geri qaytarma müqavilənin bitmə tarixindən 1 (bir) ildən sonra tələb olunduqda.
4.4.4. Elektron pulun geri qaytarılması üzrə xidmət haqqı tətbiq edildikdə, xidmət haqqının həcmi Cüzdanın Tariflər bölməsində əks etdirilir.
4.4.5. Eyniləşdirilməyən İstifadəçinin geri qaytarılmasının tələb etdiyi məbləğ qanunvericiliklə müəyyən edilən limitdən artıq olduqda, geri qaytarma yalnız eyniləşdirmə ilə mümkündür.
4.4.6. Elektron pulun qalıq dəyərinin geri qaytarılması zaman, ilk növbədə bu əməliyyatla bağlı xidmət haqqı tutulur. Əgər xidmət haqqının məbləği elektron pulun qalıq dəyərini aşarsa, İstifadəçiyə heç bir vəsait ödənilmir.
5. XİDMƏT HAQLARI VƏ VALYUTA MÜBADİLƏSİ
5.1. Xidmət haqları
5.1.1. Təşkilat tərəfindən təqdim olunan Xidmətlərə görə Siz müəyyən edilmiş tariflərə uyğun olaraq xidmət haqqı ödəməlisiniz. Həmin tariflər Cüzdanda açıq şəkildə təqdim olunur və Təşkilat tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
5.1.2. Xidmət haqqı, ödəniş əməliyyatı həyata keçirilərkən Sizin Ödəniş hesabınızdan avtomatik şəkildə tutulur.
5.1.3. Xidmət haqqının tutulması üçün Ödəniş hesabınızda yetərli məbləğdə elektron pul vəsaiti olmalıdır.
5.1.4. Təşkilat, qanunvericiliyin tələblərinə uyğun olaraq xidmət haqqının məbləğini və ya hesablanma qaydasını dəyişdirdikdə, bu barədə ən azı 30 (otuz) təqvim günü əvvəl Cüzdan vasitəsilə və ya digər elektron üsullarla Sizə məlumat verir.
5.1.5. Xidmət haqqı üzrə qaytarma halları
Xidmət haqqı yalnız aşağıdakı hallarda tam və ya qismən geri qaytarılır:
5.1.6. Ödəniş əməliyyatının Təşkilatın təqsiri və ya texniki nasazlıq səbəbindən icra edilməməsi halında xidmət haqqı tam məbləğdə geri qaytarıllır.
5.1.7. Əməliyyat qismən icra edildikdə və ya xidmətin yalnız bir hissəsi göstərildikdə, yalnız icra olunmamış hissəyə mütənasib xidmət haqqı geri qaytarılır.
5.1.8. Ödəniş əməliyyatının icra olunması üçün düzgün olmayan məlumat verdiyinizdə, əməliyyatdan imtina etdyinizdə və ya bu Müqavilənin şərtlərinə əməl etməməyiniz səbəbindən əməliyyatın icra edilməməsi.
5.1.9. Geri qaytarılacaq məbləğ, mümkün olduqda, ilkin ödəniş üsulu ilə qaytarılır və geri qaytarma müddəti 10 (on) iş günü təşkil edir.
5.2. Valyuta mübadiləsi
5.2.1. Ödəniş əməliyyatları yalnız Azərbaycan Respublikasının milli valyutası – manatla aparılır. Xarici valyutada daxil olan vəsaitlər yalnız qanunvericiliyin və Təşkilatla tərəfdaş banklar arasında mövcud razılaşmaların imkan verdiyi hallarda konvertasiya edilə bilər.
5.2.2. Valyuta mübadiləsi tələb olunan hallarda, mübadilə əməliyyatı Təşkilat tərəfindən təqdim edilən və Cüzdanda göstərilən aktual məzənnəyə uyğun həyata keçirilir.
5.2.3. Təşkilat valyuta mübadiləsi əməliyyatlarına görə ayrıca xidmət haqqı tətbiq edə bilər. Bu barədə məlumat tarif cədvəllərində ayrıca qeyd olunur.
6. KOMMUNİKASİYA
6.1. Əlaqə vasitələri və texniki tələblər
6.1.1. Təşkilat və Sizin aranızda məlumatların, bildirişlərin və müraciətlərin ötürülməsi üçün aşağıdakı rabitə vasitələrindən istifadə olunur:
· Cüzdanda təqdim olunmuş Şəxsi kabinetin funksionallığı;
· Təşkilatın elektron poçt ünvanı: [email protected];
· Təşkilatın telefon nömrəsi: +994 12 311 15 46;
· Zəruri hallarda, Cüzdanda aktivləşdirilmiş bildiriş (push notification) və SMS xidmətləri.
6.1.2. Siz Cüzdana daxil olmaq, qeydiyyatdan keçmək, video zəng vasitəsiylə eyniləşdirmə prosedurunu tamamlamaq və Xidmətlərdən istifadə etmək üçün sabit internet bağlantısına malik, müasir brauzerləri və ya mobil tətbiq versiyasını dəstəkləyən cihazlardan istifadə etməlisiniz. Təşkilat, istifadəçinin texniki avadanlığının uyğunsuzluğu səbəbilə yarana biləcək nasazlıqlara görə məsuliyyət daşımır.
6.2. Məlumatların təqdim edilməsi və dövriliyi
6.2.1. Təşkilat, ödəniş əməliyyatı icra edilməzdən əvvəl aşağıdakı məlumatların Sizə təqdim edilməsini və ya Cüzdan vasitəsilə əlçatan olmasını təmin edir:
6.2.1.1. Ödəniş sərəncamının icrası üçün tələb olunan məlumatlar;
6.2.1.2. İcra müddəti;
6.2.1.3. Tətbiq edilən xidmət haqları;
6.2.1.4. Valyuta mübadiləsi məzənnəsi (əgər varsa);
6.2.1.5. Nəzarət orqanının məlumatları.
6.2.2. Təşkilat, ödəniş əməliyyatı icra edildikdən dərhal sonra Sizə aşağıdakı məlumatları Cüzdanda təqdim edir və ya davamlı daşıyıcı vasitəsilə əlçatan edir:
6.2.2.1. Təşkilatın adı və VÖEN-i;
6.2.2.2. İstinad nömrəsi;
6.2.2.3. Ödəniş məbləği və valyutası;
6.2.2.4. Tətbiq olunan xidmət haqqı;
6.2.2.5. Valyuta məzənnəsi (əgər tətbiq olunubsa);
6.2.2.6. Ödənişin icra olunduğu tarix.
6.2.3. Təşkilat, Sizin tələbiniz əsasında hər təqvim ayı ərzində ən azı bir dəfə Ödəniş hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatları ödənişsiz olaraq təqdim etməlidir.
6.3. Avtorizə edilməmiş və ya səhv icra olunmuş əməliyyatlar barədə bildiriş
6.3.1. Siz, Təşkilat tərəfindən təqdim olunmuş ödəniş əməliyyat məlumatlarını aldıqdan sonra, 6 (altı) ay müddətindən gec olmayaraq avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını Təşkilata dərhal bildirməlisiniz.
6.3.2. Təşkilat, belə əməliyyat barədə bildiriş aldıqdan sonra, 5 (beş) iş günü müddətində əməliyyatın düzgünlüyünü sübuta yetirən məlumatları təqdim etməlidir. Əks halda, növbəti iş günündən gec olmayaraq ödəniş məbləğini və xidmət haqqını Sizə geri ödəməlidir.
6.3.3. Əgər əməliyyat vasitəçi tərəfindən başladılıbsa və bu əməliyyat avtorizə edilməmişdirsə, Təşkilat vəsaiti geri qaytarmaqla yanaşı, vasitəçidən dəvət olunan xərcləri kompensasiya etməyi tələb edə bilər.
7. TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
7.1. İstifadəçinin öhdəlikləri və məlumatlandırma qaydası
7.1.1. Ödəniş hesabından istifadənin təhlükəsizliyini təmin etmək məqsədilə Siz aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət etməyə borclusunuz:
7.1.1.1. Ödəniş alətinə (mobil cihaz, tətbiq, parol, PIN, OTP və s.) üçüncü şəxslərin çıxış imkanlarını məhdudlaşdırmaq;
7.1.1.2. Şifrələrin təhlükəsizliyini təmin etmək, onları mütəmadi olaraq dəyişmək və heç kimlə paylaşmamaq;
7.1.1.3. Təşkilat tərəfindən təklif olunan təhlükəsizlik funksiyalarını (məsələn, iki faktorlu autentifikasiya) aktiv şəkildə istifadə etmək;
7.1.1.4. İtki, oğurluq, icazəsiz istifadə və ya bu hallar üzrə şübhə yarandıqda dərhal Təşkilatı məlumatlandırmaq (elektron poçt, telefon və ya Cüzdan üzərindən).
7.1.2. Siz bu cür halları aşkarladığınız andan gecikmədən, lakin ən çoxu 6 (altı) ay müddətində Təşkilata məlumat verməlisiniz.
7.1.3. İstifadəçi Ödəniş hesabından istifadə zamanı təhlükəsizlik tələblərini pozduğu halda, baş verə biləcək zərərlərə görə tam məsuliyyət daşıyır.
7.1.4. Ödəniş hesabına giriş yalnız fərdi autentifikasiya vasitələri (istifadəçi adı, parol, OTP, biometrik təsdiq və s.) ilə mümkündür.
7.1.5. Gücləndirilmiş müştəri autentifikasiyası riskli, həssas və eyniləşdirmə əməliyyatlarında tətbiq edilir və aşağıdakı üsulları əhatə edə bilər:
7.1.5.1. OTP kodu + parol;
7.1.5.2. Biometrik identifikasiya + OTP;
7.1.5.3. Parol + cihaz təsdiqi (push bildiriş).
7.1.6. Siz giriş məlumatlarınızın təhlükəsizliyinə tam məsuliyyət daşıyırsınız və onları üçüncü şəxslərə ötürməməlisiniz. Təhlükəsizlik pozulduqda dərhal Təşkilata məlumat verməlisiniz.
7.2. Səhv və ya icra olunmamış ödəniş sərəncamları üzrə öhdəliklər
7.2.1. Təşkilat, icra olunmamış və ya səhv icra olunmuş ödəniş sərəncamlarında aşağıdakı öhdəliklərə malikdir:
7.2.1.1. Ödənişin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək;
7.2.1.2. Əməliyyatın texniki nasazlıq və ya daxili sistem xətası səbəbilə baş tutmaması halında, problemin səbəbini araşdırmaq və aradan qaldırmaq;
7.2.1.3. Sizin tələbiniz ilə səhv əməliyyata dair məlumat vermək və araşdırma aparmaq.
7.3. Ödəniş məbləğinin geri ödənilməsi
7.3.1. Avtorizə edilmiş, lakin aşağıdakı şərtləri daşıyan ödəniş əməliyyatı üzrə geri ödəniş tələb edə bilərsiniz:
7.3.1.1. Ödəniş əməliyyatı vasitəçinin təşəbbüsü ilə başlanıb;
7.3.1.2. Ödəniş məbləği əvvəlcədən müəyyən olunmayıb və gözləniləndən artıqdır;
7.3.1.3. Geri ödəniş tələbi ödənişin hesabdan silinməsindən 8 (səkkiz) həftə ərzində Təşkilata təqdim olunur.
7.3.2. Geri ödənişin təsdiqi və ya rədd edilməsi barədə qərar Sizə 10 (on) iş günü müddətində bildirilir.
7.4. Fırıldaqçılıq və təhlükəsizlik hallarında məlumatlandırma prosedura
7.4.1. Təşkilat, fırıldaqçılıq halı və ya potensial təhlükəsizlik insidenti baş verdikdə Sizi təhlükəsiz rabitə kanalları vasitəsilə məlumatlandırır. Bu kanallara aşağıdakılar daxildir:
7.4.1.1. Cüzdandakı şəxsi kabinetə göndərilən bildirişlər;
7.4.1.2. Elektron poçtla şifrələnmiş mesaj;
7.4.1.3. SMS bildiriş (vacib hallarda).
7.4.1.4. Təşkilat bu bildirişdə aşağıdakıları təqdim edir:
7.4.1.5. Təhlükənin qısa təsviri;
7.4.1.6. İstifadəçinin görməli olduğu tədbirlər;
7.4.1.7. Əlavə kömək və dəstək üçün əlaqə vasitələri.
8. ÖDƏNİŞ HESABININ MƏHDUDLAŞDIRILMASI
8.1. Biz, aşağıdakı hallarda Sizin Ödəniş hesabınızı müvəqqəti və ya tam olaraq məhdudlaşdıra (bloklaşdıra) bilərik:
8.1.1. Bu Müqavilənin və ya müvafiq qanunvericiliyin tələblərinin pozulması;
8.1.2. Təşkilat tərəfindən tələb olunan sənədlərin təqdim olunmaması və ya saxta məlumat verilməsi;
8.1.3. Cüzdan və ya digər istifadəçilərin təhlükəsizliyinə real və ya potensial təhlükə yaradan fəaliyyətlərin həyata keçirilməsi;
8.1.4. Cüzdandan kommersiya məqsədləri üçün istifadə edilməsi (məsələn, hər hansı xidmətin və ya malın dəyərinin digər istifadəçilərdən Cüzdan üzərindən əldə edilməsi);
8.1.5. Təşkilatın sistemlərinə qarşı kibertəhlükə və ya texniki nasazlıq halları müşahidə olunduqda;
8.1.6. Fırıldaqçılıq şübhəsi və ya digər hüquqi risklər mövcud olduqda;
8.1.7. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına dair şübhələr olduqda;
8.1.8. İtki, oğurluq və ya icazəsiz istifadə barədə məlumat daxil olduqda;
8.1.9. Ödəniş hesabınən texniki overdrafta (mənfi olması) məruz qalması və borcun ödənilməməsi;
8.1.10. Dövlət orqanlarının qanuni sorğularına və qərarlarına əsasən.
8.2. Biz, yuxarıda qeyd olunan hallardan birinin baş verdiyini əsaslı şəkildə müəyyən etdikdə, Ödəniş hesabınızın fəaliyyətini dərhal və xəbərdarlıq etmədən dayandıra bilərik.
8.3. Bloklaşdırma barədə Sizə dərhal məlumat verilir, lakin bu məlumatın verilməsi təhlükəsizlik səbəbilə gecikdirilə və ya məhdudlaşdırıla bilər.
8.4. Siz, Ödəniş hesabı üzərindən məhdudiyyətin götürülməsi üçün tələb olunan tədbirləri (məsələn, tələb olunan sənədlərin təqdim edilməsi, şübhəli əməliyyatların izahı) yerinə yetirdikdən sonra hesab ən geci 2 (iki) iş günü ərzində bərpa edilir.
9. TƏCHİZATÇININ HÜQUQLARI VƏ ÖHDƏLİKLƏRİ
9.1. Təşkilat aşağıdakı hüquqlara malikdir:
9.1.1. Sizin tərəfinizdən bu Müqavilənin və ya qanunvericiliyin tələblərinin pozulması halında, xəbərdarlıq etmədən Ödəniş hesabının fəaliyyətini müvəqqəti məhdudlaşdırmaq və ya dayandırmaq;
9.1.2. Şübhəli və ya riskli əməliyyatların icrasını dayandırmaq, araşdırmaq və zərurət olduqda hüquq-mühafizə və ya nəzarət orqanlarına məlumat təqdim etmək;
9.1.3. Cüzdanın texniki və funksional imkanlarını birtərəfli qaydada təkmilləşdirmək, dəyişdirmək və ya məhdudlaşdırmaq;
9.1.4. Xidmətlərə dair tarifləri, komissiyaları və digər kommersiya şərtlərini dəyişmək və bu barədə İstifadəçiyə ən azı 30 (otuz) təqvim günü əvvəl elektron vasitələrlə xəbərdarlıq etmək;
9.1.5. Sizin tərəfinizdən təqdim edilmiş məlumatların düzgünlüyünü yoxlamaq üçün istənilən vaxt əlavə sənədlər və izahat tələb etmək;
9.1.6. Mübahisəli hallarda əməliyyatların və texniki qeydlərin araşdırılması üçün əməliyyat tarixçəsini və digər müvafiq məlumatları toplamaq və təhlil etmək.
9.2. Təşkilatın aşağıdakı öhdəlikləri mövcuddur:
9.2.1. Bu Müqavilədə nəzərdə tutulmuş Xidmətləri təqdim etmək;
9.2.2. Xidmətlərin fasiləsiz, təhlükəsiz və qanunvericiliyə uyğun təqdim olunmasını təmin etmək üçün lazımi texniki və inzibati tədbirlər görmək;
9.2.3. Sizin təqdim etdiyiniz fərdi və kommersiya məlumatlarının konfidensiallığını qorumaq və onları yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və prosedurlarla paylaşmaq;
9.2.4. Müraciət və şikayətlərinizi qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə araşdırmaq və cavablandırmaq;
9.2.5. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun və digər normativ aktlardan irəli gələn tələblərə əməl etmək.
9.3. Təşkilat xidmətlərin təqdim olunmasında müvəqqəti fasilələrə səbəb ola biləcək texniki nasazlıqlar və ya qarşısıalınmaz hallar barədə Sizi əvvəlcədən və ya mümkün olan ən qısa müddətdə məlumatlandırmağa çalışır.
10. MƏSULİYYƏT
10.1. Hər bir Tərəf bu Müqavilə üzrə öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, qarşı tərəfə vurduğu zərəri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam həcmdə ödəməlidir.
10.2. İcazəsiz əməliyyatlar üzrə qaydalar
10.2.1. Əgər Ödəniş hesabınızdan icazəniz olmadan əməliyyat aparılıbsa, Siz bu barədə dərhal, lakin əməliyyat tarixindən etibarən 6 (altı) ay müddətindən gec olmayaraq Təşkilata məlumat verməlisiniz.
10.2.2. Bildiriş aldıqdan sonra Təşkilat əməliyyatın autentifikasiya edildiyini və düzgün qeydə alındığını sübut edə bilmədiyi halda, əməliyyat məbləğini və xidmət haqqını növbəti iş günü ərzində geri qaytarır.
10.2.3. Əgər əməliyyat ölkə xaricində və ya vasitəçi ödəniş sistemində aparılıbsa, geri qaytarma müddəti müvafiq ödəniş sistemi qaydalarına əsasən müəyyən edilə bilər.
10.3. Səhv icra olunan əməliyyatlar
10.3.1. Əgər əməliyyat texniki nasazlıq və ya Təşkilatın əməkdaşının səhvi nəticəsində səhv icra olunubsa, Təşkilat məbləği dərhal bərpa edir və əməliyyat üzrə ödənilmiş xidmət haqqını da qaytarır.
10.3.2. Əgər səhv əməliyyat vasitəçi tərəfindən edilibsə, Təşkilat Sizin məbləği bərpa edir və vasitəçidən kompensasiya tələb edir.
10.4. Təşkilat Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda, gecikmiş ödəniş və ya qaytarma məbləğinə görə faiz və ya dəbbə pulu ödənilməsini Sizdən tələb edə bilə və ya akseptsiz qaydada həmin məbləğləri Ödəniş hesabından tuta bilər.
11. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
11.1. Biz Sizə məxsus vəsaitlərin qanuni məqsədlərlə saxlanılması, ödənişlərin vaxtında və düzgün icrası və hesablaşmaların aparılması üçün texniki və inzibati tədbirlər görürük.
11.2. Bununla belə, aşağıdakı hallarda Biz Sizin itkilərinizə görə məsuliyyət daşımırıq:
11.2.1. Şifrə, OTP və ya digər autentifikasiya vasitələrinin üçüncü şəxslərlə paylaşılması və ya ehtiyatsız istifadəsi;
11.2.2. Cüzdana çıxış və ya əməliyyatların icrası zamanı istifadə olunan internet bağlantısında və ya cihazda yaranan texniki nasazlıqlar;
11.2.3. Ödəniş sərəncamınə verən şəxsin məlumatlarında səhv və ya natamamlıq;
11.2.4. Hüquq-mühafizə və nəzarət orqanlarının qərarları və ya tələbləri əsasında vəsaitlərə məhdudiyyət qoyulması və ya ödənişin dayandırılması;
11.2.5. Üçüncü tərəf ödəniş xidməti təchizatçılarının (məsələn, banklar, ödəniş təşkilatları, bank olmayan kredit təşkilatları və s.) xidmətlərində yaranan gecikmə və ya nasazlıqlar nəticəsində baş verən zərər.
11.3. Bizim Xidmətlərlə bağlı ümumi məsuliyyətimiz, qanunvericiliklə qadağan edilmədiyi hallarda, yalnız birbaşa və real zərərin miqdarı ilə məhdudlaşır. Biz heç bir halda dolayı, nəticəvi, cəza və əldən çıxmış fayda xarakterli zərərlərə görə məsuliyyət daşımırıq.
12. MÜRACİƏTLƏRƏ BAXILMASI
12.1. Təşkilat Sizin bu Müqavilənin 6.1.1-ci bəndi ilə müəyyən edilən rabitə vasitələri ilə göndərdiyiniz müraciətlərə 7 (yeddi) iş günü müddətində baxır və nəticəsi barədə Sizi məlumatlandırır.
12.2. Nəzarət orqanının əlaqə vasitələri:
12.2.1. Nəzarət orqanının adı: Azərbaycan Respublikasının Mərkəzi Bankı
12.2.2. Qaynar xətt: 966
12.2.3. Əlaqə nömrələri: (+994 12) 493 5058, 493 11 22
12.2.4. Faks:(+994 12) 493 5541
12.2.5. Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90
13. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
13.1. Bu Müqavilənin şərtlərinə riayət etməyiniz şərti ilə, Təşkilat tərəfindən Sizə şəxsi, qeyri-kommersiya məqsədli istifadəniz üçün aşağıdakı hüquqları əhatə edən məhdud, qeyri-eksklüziv, ötürülə bilməyən, sub-lisenziya hüququ olmayan və geri çağırıla bilən lisenziya təqdim olunur:
13.1.1. Cüzdana şəxsi cihazınız vasitəsilə daxil olmaq və yalnız Xidmətlərdən şəxsi istifadəniz üçün istifadə etmək;
13.1.2. Xidmətlər çərçivəsində təqdim olunan və ya əlçatan olan məzmun, məlumat və digər materiallardan yalnız şəxsi məqsədlərlə istifadə etmək.
13.2. Bu Müqavilə çərçivəsində açıq şəkildə verilməmiş heç bir hüquq Sizə təqdim edilmir və bu cür hüquqlar Təşkilata və onun lisenziya tərəfdaşlarına məxsus olaraq qalır.
13.3. Xidmətlərə və onlarla bağlı bütün hüquqlara, o cümlədən məzmun, dizayn, interfeys, brend adları, loqotiplər və digər əqli mülkiyyət obyektlərinə dair hüquqlar tam şəkildə Təşkilata və ya Təşkilatın lisenziya verən tərəflərinə məxsusdur. Bu Müqavilə əsasında Sizə:
13.3.1. yalnız 12.1-ci bənddə göstərilən məhdud lisenziya çərçivəsində istifadə hüququ verilir;
13.3.2. Təşkilatın və/və ya onun lisenziya tərəfdaşlarının ticarət adlarından, loqotiplərindən, məhsul və ya xidmət adlarından, əmtəə və ya xidmət nişanlarından istifadə etmək və ya onlara istinad etmək hüququ təqdim edilmir.
14. ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİ
14.1. Xidmətlər çərçivəsində Təşkilatın nəzarəti və idarəsi altında olmayan üçüncü tərəflərə məxsus xidmətlər və məzmun təqdim oluna və ya onlarla əlaqələndirilə bilər. Siz təsdiq edirsiniz və razılaşırsınız ki, Təşkilat bu cür üçüncü tərəf xidmətlərinin heç bir aspektinə görə — o cümlədən dəqiqliyi, tamlığı, aktuallığı, etibarlılığı, müəllif hüquqlarına və digər hüquqlara uyğunluğu, qanuniliyi, keyfiyyəti və ya digər hər hansı xüsusiyyətinə görə heç bir məsuliyyət daşımır.
14.2. Bu cür üçüncü tərəf xidmətlərindən istifadə, onların ayrı şərt və qaydalarına tabedir. Siz belə xidmətlərdən istifadə etdiyiniz halda, onların müvafiq şərt və qaydalarına riayət etməyə və hüquqi məsuliyyət daşımağa borclusunuz.
14.3. Əgər bu Müqavilə ilə üçüncü tərəf xidmətlərinin şərtləri arasında ziddiyyət yaranarsa, həmin üçüncü tərəf xidmətlərindən istifadə zamanı onların şərtləri üstün tutulacaqdır. Üçüncü tərəf xidmətləri yalnız Sizə Təşkilatın təqdim etdiyi Xidmətlərdən istifadənin rahatlığını təmin etmək məqsədilə təqdim olunur və Təşkilat üçüncü tərəf xidmətlərinə dair heç bir təminat, öhdəlik və ya texniki dəstək təqdim etmir.
14.4. Əgər Xidmətlərə giriş və istifadə Android və ya iOS əməliyyat sistemli mobil cihazlar (və ya digər proqram təminatı platformaları) üzərindən həyata keçirilirsə, o zaman Google Inc., Apple Inc. və ya müvafiq proqram təminatı təchizatçıları, eləcə də onların filial və törəmə müəssisələri bu Müqavilənin üçüncü tərəf benefisiarları sayılır və onlar bu Müqavilənin müəyyən müddəalarına əsaslanmaq hüququna malik ola bilərlər.
15. MƏHDUDİYYƏTLƏR
15.1. Siz, Cüzdandan istifadə zamanı aşağıdakıları öhdənizə götürürsünüz:
15.1.1. Cüzdanın tərkibində yer alan hüquqi bildirişləri, loqotipləri, müəllif hüquqları və digər mülkiyyət nişanlarını dəyişdirməmək və silməmək;
15.1.2. Tətbiqi və ya onun hər hansı hissəsini kommersiya məqsədi ilə üçüncü şəxslərə satmamaq, paylaşmamaq, ötürməmək və ya hər hansı formada istifadəyə təqdim etməmək;
15.1.3. Tətbiqin daxili strukturuna müdaxilə etməyə yönəlmiş texniki üsullardan (məsələn, kod analizləri, tərs mühəndislik metodları və s.) istifadə etməmək;
15.1.4. Tətbiqin hissələrini digər platformalarda və ya proqramlarda əks etdirməmək və ya istifadəsini təqlid etməyə çalışmamaq;
15.1.5. Avtomatik sistemlər, robot proqramlar və ya oxşar vasitələrlə tətbiqə qeyri-adi yüklənmə yaratmaq və ya fəaliyyətinə müdaxilə etməyə cəhd göstərməmək;
15.1.6. Tətbiqə və onunla əlaqəli sistem və infrastruktur resurslarına icazəsiz girişə cəhd etməmək və təhlükəsizlik mexanizmlərini pozmamaq.
15.2. Yuxarıda göstərilən hər hansı hərəkətin aşkar edilməsi halında Təşkilat müvafiq tədbirlər görmək və hüquqi məsuliyyət tətbiq etmək hüququnu özündə saxlayır.
16. QARŞISIALINMAZ QÜVVƏ
16.1. Tərəflərdən heç biri, qarşısıalınmaz qüvvə nəticəsində öz öhdəliklərinin icrasına qismən və ya tam şəkildə qadir olmadığı hallarda, digər Tərəf qarşısında məsuliyyət daşımır.
16.2. ”Qarşısıalınmaz qüvvə” anlayışı aşağıdakı halları əhatə edir, lakin bununla məhdudlaşmır:
16.2.1. Təbiət hadisələri (zəlzələ, sel, fırtına, yanğın, epidemiya, pandemiya və s.);
16.2.2. Müharibə, hərbi əməliyyatlar, terror aktları, kütləvi iğtişaşlar;
16.2.3. Dövlət orqanlarının qərarları, normativ aktları, icazə və lisenziyaların geri çağırılması və ya məhdudlaşdırılması;
16.2.4. Cüzdana və ya istifadə olunan ödəniş sistemlərinə qarşı kiberhücumlar və ya texniki sabotajlar;
16.2.5. Milli və beynəlxalq ödəniş sistemlərinin fəaliyyətində yaranan fasilələr, texniki infrastrukturda baş verən sistem nasazlıqları və ya internet təminatçılarında kəsintilər.
16.3. Qarşısıalınmaz qüvvə halı baş verdikdə, müvafiq tərəf bu barədə digər tərəfi dərhal, lakin ən geci 3 (üç) iş günü ərzində yazılı və ya elektron formada məlumatlandırmalıdır.
16.4. Qarşısıalınmaz qüvvə halı aradan qalxdıqda, tərəf öz öhdəliklərinin icrasına davam etməli və bu müddət ərzində yaranan gecikməyə görə məsuliyyət daşımamalıdır.
16.5. Qarşısıalınmaz qüvvə halı 30 (otuz) təqvim gündən artıq davam edərsə, tərəflər müqavilə münasibətlərinə xitam vermək və ya yeni şərtlərlə davam etdirmək imkanlarını müzakirə etmək hüququna malikdirlər.
17. TƏTBİQ OLUNAN QANUNVERİCİLİK VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
17.1. Bu Müqavilə və onunla bağlı yaranan bütün hüquq və öhdəliklər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir və şərh olunur.
17.2. Tərəflər bu Müqavilənin icrası, şərhi və ya pozulması ilə bağlı yaranan hər hansı fikir ayrılığı və ya mübahisə, qarşılıqlı razılaşma yolu ilə həll etməyə çalışacaqdır.
17.3. Tərəflər arasında danışıqlar 30 (otuz) gün ərzində nəticə vermədiyi halda, mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində qanunvericiliyə uyğun olaraq həll ediləcəkdir.
18. YEKUN MÜDDƏALAR
18.1. Bu Müqavilənin hər hansı bir müddəasının etibarsız və ya icraolunmaz hesab edilməsi, digər müddəaların qüvvədə olmasına və icra olunmasına təsir göstərmir. Belə hal baş verdikdə, etibarsız müddəa qanunvericiliyə uyğun və Tərəflərin niyyətini əks etdirən oxşar bir müddəa ilə əvəz ediləcəkdir.
18.2. Bu Müqavilə üzrə hüquqların və öhdəliklərin üçüncü şəxslərə ötürülməsi yalnız Təşkilatın əvvəlcədən yazılı razılığı ilə mümkündür. Təşkilat isə bu Müqavilə üzrə hüquq və vəzifələrini tam və ya bir hissəsini İstifaçinin razılığını almadan hər hansı üçüncü şəxsə ötürə bilər.
18.3. Tərəflər arasında elektron yazışmalar, bildirişlər və təsdiqlər bu Müqavilə çərçivəsində hüquqi qüvvəyə malikdir və əl ilə imzalanmış sənədlərə bərabər tutulur.
18.4. Bu Müqavilə yalnız Azərbaycan dilində tərtib olunur və hər hansı tərcümə yalnız istinad məqsədi daşıyır. Mübahisəli hallarda Azərbaycan dilində olan mətn əsas götürülür.